Just open your eyes, and see that life is beautiful…

Məmməd Əmin Rəsulzadə


Bu gün Məmməd Əmin Rəsulzadənin ad günüdür..

Həyatı

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli

Az sonra “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində (1903-cü il N20) çap olunmuşdur. 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. (“Bakinskiy Raboçiy qəzeti”, N60, 18 mart, 1923-cü il). Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmişdir (1904-1905-ci illər, cəmi 6 nömrə). Qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.

Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından “Təkamül” adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan “Dünya” qəzeti M.Ə.Rəsulzadənin “Stalin ilə inqilab” adlı silsilə xatirə-məqaləsini çap etdirmişdir. O, həmin yazıda da bu barədə söhbət açır. (“Dünya” qəzeti, 23 may 1954-cü il). M.Ə.Rəsulzadənin həmin dövrdə Əli bəy Hüseynzadənin (1864-1941) redaktor olduğu “Fyuzat”, həmçinin Əhməd bəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) “Türk-rus və rus-türk lüğəti” kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)” kitabını Azərbaycan dilinə təcümə edib və “Təkamül” qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə “Azərbaycana muxtariyyət” şüarı fikrini yaymağa başlamış və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də vardır.

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, bu partiyanın əsas orqanı olan “İrane Nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878-1969), M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur” (“Sühən” jurnalı, Tehran, 1955-ci il, No4). İranda həmin il mürtəce “Etidaliyyun” (“Mötədillər”) pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində “Tənqidi-firqeyi-etidaliyyun” adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildəəllifin farsca “Səadəti-bəşər” adlı kitabı nəşr olunmuşdur.

Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstambula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu (1876-1935), Ziya Göyalp (1876-1924) və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə “Gənc türklər” təşkilatına rəğbət bəsləmiş, “Türk ocağı” cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində bir neçə məqaləsi çap edilmişdir. Bunlardan “İran türkləri” (1911-ci il, No4) məqaləsi xüsusilə maraq doğurur. Həmin məqalədəəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: “Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor” (səh. 108).
Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi Azərbaycan qəzeti

O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin “Qamusi-aləm”inin birinci cildində (İstanbul, 1889-cu il,səh.67) “Azərbaycan” məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə, xeyli sonra, 1918-ci il oktyabrın 13-də Bakıda çap olunan “Azərbaycan” qəzetində də bu məsələyə toxunur: “İslam mərkəzi İstanbulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır”.


* 1902-ci ildə “Müsəlman Gənclik T əşkilatı”nı yaradıb.
* 1903-cü ildə ilk məqaləsi “Şərqi-Rus” qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqılabçılar Komitəsini qurub.
* 1906-cı ildə “Təkamül” proqramını yazıb.
* 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunub.
* 1908-ci ildə İranda çal ışıb (1908 – 1911), Səttarxan hərəkatında yaxından iştirak edib.
* 1910-cu ildə İran Demokrat Partiyasını yaradıb.
* 1911-ci ildə Rusiya səfirliyinin tələbi ilə İrandan qovulub.
* 1911-1913-cü illər də İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə “Türk yurdu” dərgisində maraqlı məqalələrlə çıxış edib.
* 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.
* 1917-ci ildə Müsavat Partiyasının başqanı olub.
* 1918-ci il, may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunandan sonra Azərbaycan Milli Şurasının sədri seçilib. ADR-i (Azərbaycan Demokratik Respublikasını – Müsəlman Şərinqdə ilk demokratik dövlət) qurub.
* 1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.
* 1920-ci il 27 aprel işğal ından sonra həbs edilib, Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib.
* 1922-ci ildən başlayaraq mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib.
* 1923-cü ildə İstanbula qayıdıb.
* 1937-ci ildə Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini Qazaxıstana sürgün edib.
* 1938-ci ildə Polşada (1938-1940);
* 1940-cı ildə Rumıniyada olub (1940-1943)
* 1947-ci il də Ankaraya dönüb.
* 1952-ci ildə Ankarada “Azərbaycan” dərgisini yaradıb.
* 1955-ci il mart ayının 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanlığında dəfn edilib.

* 1910 – “E’tidaliyyun” Partisinin Tenkiti, Tehran,(fars dilində),
* 1911 – Seadeti-Beşer, Ardebil (fars dilində)
* 1912 – Acı bir həyat, Bakı
* 1917 – Şekli-İdare Hakkında İki Bakış (Ahmetbey Salikov’la birlikte), Moskva
* 1917 – Bizə hansı hökümət yararlıdır. Bakı
* 1923 – Azərbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve İndiki Veziyyeti, İstanbul
* 1925 – Esrimizin Siyavuşu, İstanbul
* 1925 – İstiqlal Mefkuresi ve Gençlik
* 1928 – Kafkasya Türkleri, İstanbul
* 1927 – Azərbaycan Misak-ı Millisi
* 1928 – Milliyetçilik ve Bolşevizm
* 1930 – Kafkaz Problemi İle Elakedar Olarak Panturanizm, Paris (rus dilində)
* 1933 – Azerbaycan Cumhuriyeti Hakkında, Berlin (alman dilində)
* 1938 – Azerbaycan Problemi, Berlin (alman dilində)
* 1939 – Azerbaycan’ın Hürriyyet Savaşı, Varşava (polyak dilində)
* 1949 – Azerbaycan’ın Kültür Gelenekleri, Ankara
* 1950 – Çağdaş Azerbaycan Edebiyatı, Ankara
* 1951 – Çağdaş Azerbaycan Tarihi, Ankara
* 1951 – Azərbaycan şairi Nizami (Nizaminin 800 illik yubileyi (1141-1941) münasibətiylə) Ankara
* 1991 – Azərbaycan Cümhuriyyəti Tarixi. Bakı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: